“Real” braziliyalı cinah hücumçusu Rodriqo Qoes “Qızıl top”a namizədlər arasında yer almamasına münasibətini bildirib.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Qızıl top”a təqdimatda yer almadığımı görəndə əsəbləşdim. Məncə, buna layiqəm. Orada olan oyunçuları aşağılamaq istəmirəm, amma düşünürəm ki, orada mənim də yerim var. Bu, gözlənilməz oldu… amma burada mənim edə biləcəyim çox şey yoxdur, qərarları mən qəbul etmirəm”, deyə hücumçu təəssüflə bildirib.
Əlavə edək ki, “France Football”ın seçimi doğrudan da təəccüb doğurur. Belə ki, Rodriqo ötən mövsümü nəinki sabit keçirib, hətta bir çox həlledici oyunlarda əsas söz sahibi olması ilə diqqət çəkib.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodriqo “Real”ın heyətində bütün yarışlarda 51 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə verib.
Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar üçün 5 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 221 oyuna çıxıb, 55 qol vurub, 42 məhsuldar ötürmə verib.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 28 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sağ vinger Rodriqo Qoesin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


