Macarıstan millisinin və Almaniyanın “Frayburq” klubunun sağ vingeri Roland Sallai bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Türkiyə çempionu 27 yaşlı futbolçunu 6 milyon avro qarşılığında heyətinə cəlb edib.
Tərəflər 4 illik (2028-ci ilin 30 iyununadək) müqaviləyə imza atıblar. Macar futbolçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.
Roland Sallai peşəkar karyerasına “Puşkaş Akademiyası”nda başlayıb. O, “Palermo”, APEOL kimi klubların da formasını geyinib. 2018-ci ildən “Frayburq”da çıxış edən vinger, bu komandanın heyətində 163 oyuna çıxıb, 27 qol və 23 məhsuldar ötürmə müəllifi olub.
Sallai 2016-cı ilin may ayında debüt etdiyi Macarıstan yığmasında 54 oyun keçirib, 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Çikaldau satıldı, Dervişoğlu yenə icarəyə verildi
“Qalatasaray” rumıniyalı hücumameyilli yarımmüdafiəçisi Aleksandru Çikaldau ilə də yollarını ayırıb. 27 yaşlı futbolçu “Universitatya” (Krayova) klubuna satılıb. İstanbul nəhəngi onun satışından 1,5 milyon avro qazanıb. Çikaldau köhnə-yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Qalatasaray” Çikaldaunu 2021-ci ilin iyul ayında məhz Krayova klubundan 6,5 milyon avroya transfer etmişdi. Rumın futbolçu bu komandanın heyətində 41 oyuna çıxıb, 5 qol və 4 assistlə yadda qalıb. Türkiyə nəhəngi Çikaldaunu bu illər ərzində “Konyaspor” və “Əl-İttihad” (Kalba) klublarına icarəyə də verib. Çikaldau Rumıniya yığmasında 38 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray” hücumçusu Halil Dervişoğlunu da “Qaziantep”ə icarəyə verib. 24 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
“Sparta” (Rotterdam), “Brentford”, “Tvente”, “Börnli” kimi klublarda da oynamış Halil Dervişoğlu “Qalatasaray”ın heyətində 65 oyun keçirib, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. İstanbul təmsilçisi onu ötən mövsüm “Hatayspor”a da icarəyə vermişdi. Halil Türkiyə yığmasında da 16 oyun keçirib, 6 qol vurub, 3 assist edib.
Halil Dervişoğlunu heyətinə qatan “Qaziantep” də hücumameyilli yarımmüdafiəçisi Luka Stankovskini icarəyə verib. Şimali Makedoniyadan olan 22 yaşlı futbolçu bu mövsümün sonunadək Serbiyanın “Radniçki” klubunda icarədə olacaq.
“Qaziantep” “Vardar”ın yetirməsi olan Luka Stankovskini 2022-ci ilin yanvarında “Rabotniçki”dən 600 min avroya transfer etmişdi. Amma o, Türkiyə klubunun heyətində cəmi 14 oyuna çıxıb və 1 qol vura bilib. “Qaziantep” Stankovskini əvvəlki mövsümlərdə “Tuzlaspor” və “Qoritsa”ya da icarəyə vermişdi. Şimali Makedoniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə şans verilməyib.