“Roma”da Temmi Abraham şoku – 9 ay oynamayacaq

Futbol üzrə İngiltərə milli komandasının və İtaliyanın “Roma” klubunun hücumçusu Temmi Abraham uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı forvard A Seriyasının 2022/2023 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutan “Spetsiya” ilə oyunda ağır zədə alıb.

İngilis hücumçu 2:1 hesablı qələbəyə sevindikləri bu matçın 64-cü dəqiqəsində meydana buraxılıb. Amma meydana çıxdıqdan cəmi 15 dəqiqə sonra sol dizindən ağır zədə alan futbolçu 82-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

“Corriere dello Sport” nəşrinin yazdığına görə, müayinələrdən sonra Abrahama ön çarpaz bağının yırtılması diaqnozu qoyulub. Bu isə müalicəsi çox uzun zaman tələb edən zədədir. Belə ki, futbolçunun 9 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Artıq “Roma” rəhbərliyinin yay transfer pəncərəsində heyətə yeni hücumçu cəlb etmək üçün işə başladığı qeyd olunur. Çünki Temminin gələn mövsümün təxminən yarısını buraxması ehtimal olunur.

Xatırladaq ki, Temmi Abraham 2021-ci ilin avqustundan “Roma”da forma geyinir. O, “canavarlar”ın heyətində 107 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.