Roman Abramoviç “Çelsi” ilə vidalaşdı

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç London təmsilçisindən ayrılmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Abramoviç İngiltərə klubunun idarəçiliyini “Çelsi”nin Xeyriyyə fondunun himayədarlarına təhvil verdiyini bəyan edib. Rusiyalı biznesmen bu qərarını klub saytına açıqlamasında belə izah edib:

“Kluba sahiblik etdiyim 20 ilə yaxın müddətdə hər zaman özümü “Çelsi”nin uğurlu olmasını, onun gələcəyinin qurulmasını və ictimaiyyət üçün müsbət rol oynamasını təmin edən bir qəyyum kimi görmüşəm. Hər zaman ilk növbədə klubun maraqlarını nəzərə alaraq qərarlar vermişəm. Bu dəyərlərə sadiq qalıram. Buna görə də bu gün mən “Çelsi” Futbol Klubuna rəhbərlik edilməsi və qayğının göstərilməsini “Çelsi”nin Xeyriyyə fondunun himayədarlarına təhvil verirəm. İnanıram ki, onlar hazırda klubun, oyunçuların, heyətin və azarkeşlərin maraqlarını təmin etmək üçün ən yaxşısına qadirdirlər”.

Abramoviçin London təmsilçisindən gedişinə Rusiyanın Ukraynaya hərbi təcavüzü və ondan sonrakı sanksiyalar səbəb olub. Rusiyalı milyarder xüsusilə Britaniyada böyük etiraz və təzyiqlərlə üzləşib. Hətta iş adamının İngiltərəyə girişinə qadağa qoyulub. Üstəlik, ABŞ və Avropa Birliyi ölkələri Rusiyanın bir sıra rəhbər şəxsləri kimi, ona da ciddi sanksiyalar tətbiq edib. Bu üzdən son günlərdə Abramoviçin klubu satacağına dair xəbərlər dolaşmağa başlamışdı. Amma o, tam fərqli bir qərarla “Çelsi”dən ayrılmağı üstün tutub. Gələcəkdə onun yenidən bu kluba dönüb-dönməyəcəyini isə zaman göstərəcək.

Abramoviçin problemləri 2018-ci ildən başlamışdı

Xatırladaq ki, Abramovic 2003-cü ildə “Çelsi”ni 140 milyon funt sterlinqə almışdı və İngiltərəyə köçmüşdü. London təmsilçisi məhz onun gəlişindən sonra ciddi inkişaf mərhələsinə qədəm qoymuş və bir sıra ciddi uğurlara imza atmışdı. “Zadəganlar” məhz Abramoviçin gəlişindən sonra 5 dəfə (2004/05, 2005/06, 2009/10, 2014/15 və 2016/17) İngiltərə çempionu olub. Sözügedən komanda 2 dəfə UEFA Çempionlar Liqasının (2011/12 və 2020/21) və Avropa Liqasının (2012/13 və 2018/19) qalibi olub. Ötən il londonlular UEFA Super Kubokunun və klublararası dünya çempionatının da qalibi adını qazanıblar.

Sonda onu da xatırladaq ki, Roman Abramoviç İngiltərədə ilk dəfə 2018-ci ildə problemlərlə üzləşməyə başlamışdı. Həmin vaxt o, İngiltərədəki vizasının vaxtını uzatmağa çalışsa da, buna nail ola bilməmişdi. Bu üzdən rusiyalı biznesmen İsrail vətəndaşlığı almaq məcburiyyətində qalmışdı. O, məhz bundan sonra Londona bu dəfə İsrail vətəndaşı kimi dönə bilmişdi. Amma son baş verənlərin ardından Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan Abramoviçi İsrail vətəndaşlığı da xilas edə bilmədi.

Xəbəri sosial şəbəkələrdə paylaş: