Roman Saley Almaniyada daha bir gümüş medal qazandı

Azərbaycan idmançısı Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən para-üzgüçülük üzrə dünya seriyasında daha bir medal qazanıb. Arena.az xəbər verir ki, idmançımız 100 metr məsafəyə arxasıüstə üsulu ilə üzmədə 01.01.09 nəticə göstərərək gümüş medala sahib çıxıb.

Xatırladaq ki, Roman Saley daha öncə bu yarışda dünya rekorduna imza atmışdı. Üç qat paralimpiya çempionumuz turnirin təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərərək dünya rekordu qırmışdı. Eyni zamanda R.Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmə üzrə final yarışında 57.83 saniyəlik nəticə göstərərək gümüş medala sahib çıxmışdı. O, 50 metr məsafəyə arxasıüstə üsulu ilə üzmədə də 27.96 saniyəlik nəticə göstərərək gümüş medal qazanmışdı.

Millimizin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov da 200 metr məsafəyə brass üsulu ilə üzmədə 02.25.93 nəticə göstərərək gümüş medala sahib çıxıb.

Azərbaycan millisinin daha bir üzvü Könül Süleymanova 100 metr məsafəyə arxasıüstə üzmə növündə 03.36.77 nəticə göstərərək dünya çempionatına lisenziya əldə edib.

Beləliklə, dünya seriyasında üç idmançı ilə təmsil olunan Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb.

Yeri gəlmişkən, Azərbaycan para-atleti Lamiyə Vəliyeva da İtaliyanın Cesolo şəhərində keçirilən qran-pridə qızıl medal qazanıb. O, 400 metr məsafəyə qaçışda 56.75 saniyə nəticə göstərərək birinci yeri tutub. Paralimpiya çempionu bu göstərici ilə cari ilin iyulunda Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya birinciliyinə lisenziya əldə edib.

Yeri gəlmişkən, atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən qran-pridə uzunluğa tullanma növündə 6.19 metr nəticə göstərərək ikinci yerə sahib çıxıb. Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

Milli komandamızın digər üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva da 100 metrəyə qaçışda 12.45 saniyə nəticə göstərib. Bu nəticə ilə o, birinci yerə sahib çıxıb. Vəliyeva da atletika üzrə dünya çempionatına lisenziya əldə edib.