Roman Yaremçuk “Valensiya”da

Futbol üzrə Ukrayna millisinin və Belçikanın “Brügge” klubunun mərkəz hücumçusu Roman Yaremçuk “Valensiya”ya keçib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

La Liqa təmsilçisi 27 yaşlı Yaremçuku icarəyə götürüb. İcarə razılaşmasının müddəti 2024-cü ilin iyun ayının sonuna qədər etibarlıdır. Transferin digər təfərrüatı haqda məlumat verilməyib.

Geridə qalmış 2022/2023 mövsümündə Yaremçuk “Brügge”nin heyətində 27 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Ukraynalı hücumçu cari mövsümdə də meydana çıxmağa macal tapıb və 4 oyunda 5 qol vurub.

Roman Yaremçuk 2018-ci ilin sentyabrında debüt etdiyi Ukrayna yığmasının heyətində 43 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Valensiya” “Valyadolid”in hücumameyilli yarımmüdafiəçisi Səlim Amallanı da icarəyə götürüb. 26 yaşlı mərakeşli futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə La Liqa klubuna keçib. Onun bir mövsümlük icarəsi üçün “Valyadolid”ə 150 min avro ödənilib.

“Valensiya” İngiltərənin “Brentford” klubunun sağ cinah vingeri Serxi Kanosu da birdəfəlik transfer edib. İspaniya klubu bu transferə görə 250 min avro ödəyib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Valensiya” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Braziliyalı hücumçu Markos Andre “Valyadolid”ə satılıb. Klub onun satışından 2 milyon avro qazanıb. 26 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Türkəsilli isveçrəli mərkəz müdafiəçisi Eray Cömert isə icarə əsasında Fransa “Nant”ına keçib. 25 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq.

“Sassuolo”da 3 yeni futbolçu, 2 ayrılıq

Sağ cinah vingeri Samuel Kastilyexo isə İtaliyanın “Sassuolo” klubuna icarəyə verilib. A Seriyası təmsilçisi 28 yaşlı ispan futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

“Valensiya”nın dayaq yarımmüdafiəçisi Uroş Raçiç də “Sassuolo”ya keçib. Amma İtaliya klubu Kastilyexodan fərqli, Raçiçi birdəfəlik transfer edib və buna görə 2,2 milyon avrosundan keçib. 25 yaşlı serb futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

“Sassuolo” Norveç yığmasının və “Feyenoord”un sağ cinah müdafiəçisi Markus Pederseni də heyətinə qatıb. 23 yaşlı futbolçu bir mövsümlük icarəyə götürülüb. Bir illik icarə üçün 1 milyon avro ödəyən italyanlar yayda onun transfer hüquqlarını da almalıdır.

“Sassuolo” hücumçusu Yenis Antiste və mərkəz müdafiəçisi Rayan Flaminqonu da icarəyə göndərib. Antiste “Recciana”ya, Flaminqo isə “Utrext”ə keçib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: