Ronald Kuman “Barselona”dan qovuldu

“Barselona”nın baş məşqçisi Ronald Kuman Kataloniya təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Niderlandlı mütəxəssis İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan “Rayo Valekano” ilə oyundan sonra istefaya göndərilib. Bu oyunda 0:1 hesabıyla uduzan Kataloniya klubunun rəhbərliyi maçtdan dərhal sonra Kumanı postundan kənarlaşdırmağa qərar verib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

“Barselona” La Liqanın cari mövsümündə keçirdiyi 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Bu komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində də uğurlu nəticələr əldə edə bilməyib. “Benfika” (Portuqaliya) və “Bayern”ə (Almaniya) eyni hesabla (0:3) uduzan Kataloniya təmsilçisi, yalnız Kiyev “Dinamo”suna 1:0 qalib gələ bilib.

Ronald Kuman ötən ilin avqustundan “Barselona”ya rəhbərlik edirdi. İspaniya nəhəngi 58 yaşlı mütəxəssisin dövrdündə 67 matç keçirib, 39 qələbə qazanıb, 12 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.

Kuman 2018-2020-ci illərdə Niderland millisinə rəhbərlik edib. O, baş məşqçi kimi “Vitesse”, “Ayaks”, PSV, “Alkmaar”, “Feyenoord”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Sauthempton” klublarında da çalışıb.