“Əl-Nəsr” və Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo futbolçu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualları cavablayıb.
Arena.az məlumat verir ki, portuqal futbolçu NOW telekanalına müsahibəsində həm Portuqaliya yığmasında çıxışına və həm də ümumiyyətlə futbolçu karyerasına nə zaman xitam verəcəyi haqda söhbət açıb:
“Millimizin rənglərini təmsil etməkdən hədsiz qürur duyuram – bu, gerçəkləşmiş bir xəyaldır! Ona görə də Portuqaliya yığmasından ayrılmaq qərarına gələndə əvvəlcədən heç kimə xəbərdarlıq etməyəcəyəm. Bu, mənim tərəfimdən çox kortəbii, eyni zamanda çox düşünülmüş bir qərar olacaq.
Tezliklə nə vaxt tez təqaüdə çıxacağamı da bilmirəm – iki-üç ildən sonra… Amma yəqin ki, burada “Əl-Nəsr”də təqaüdə çıxacağam. Bu klubda çox xoşbəxtəm, bu ölkədə özümü yaxşı hiss edirəm. Səudiyyə Ərəbistanında oynamaqdan xoşbəxtəm və buna davam etmək istəyirəm”, deyə təcrübəli futbolçu vurğulayıb.
Kristiano 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib. Cari mövsümdə isə Ronaldo bütün yarışlarda 3 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 67 oyun, 61 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


