Ronaldo Vaskes Uruqvayla oyuna dəvət aldı

“Sumqayıt”ın sol cinah yarımmüdafiəçisi Ronaldo Vaskes futbol üzrə Dominikan Respublikası milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dominikan Respublikası yığması oktyabrın 10-da Uruqvay milli komandası ilə yoxlama oyununda üz-üzə gələcək. Sözügedən qarşılaşmaya Bakı vaxtı ilə saat 16:45-də start veriləcək.

Ronaldo Junior Vaskes bu ilin yanvar ayından “Sumqayıt”ın formasını geyinir. Onun bu klubla 1,5 illik müqaviləsi var. 25 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində indiyə qədər 24 oyuna çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Ronaldo Vaskes karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Təl-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib.

Yarımmüdafiəçi 2018-ci ilin mart ayında Dominikan Respublikası milli komandasında debüt edib. “Sumqayıt”ın futbolçusu ölkəsinin yığmasında keçirdiyi 44 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: