Ruben Baraxa “Valensiya”dan qovuldu

İspaniya La Liqasında uğursuz mövsüm keçirən “Valensiya” baş məşqçisi, ispan mütəxəssis Ruben Baraxa ilə yollarını ayırıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İspan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Baraxanın bu klubla 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi vardı.

49 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə vəzifəsindən kənarlaşdırılıb. “Yarasalar” cari mövsümdə onun rəhbərliyi altında La Liqada 17 oyuna 12 xal toplayaraq, 19-cu sırada yer alıblar.

Ruben Baraxa peşəkar məşqçilik karyerasına 2011-ci ildə Madrid “Atletiko”sunda baş məşqçinin köməkçisi vəzifəsində başlayıb. İspan mütəxəssis məşqçilik karyerasına “Valensiya”nın yeniyetmələrdən ibarət komandasını çalışdırmaqla davam edib, “yarasalar”ın “B” komandasında baş məşqçi səlahiyyətlərinin icrasını həyata keçirən əvəzləyici olub. 2013-2015-ci illərdə “Valensiya”da çalışdıqdan sonra Baraxa “Elçe”nin sükanı arxasında ilk sərbəst məşqçilk fəaliyyətinə başlayıb. Ardınca ispan mütəxəssis “Rayo Valyekano”, “Sportinq” (Xixon), “Tenerife” və “Saraqosa”nı çalışdırıb.

Ruben Baraxa “Valensiya”ya 2023-cü ilin fevralında “yarasalar”ın baş məşqçisi vəzifəsinə təyinat alaraq qayıtmışdı. “Yarasalar” Baraxanın rəhbərliyi altında ümumilikdə 78 oyuna 26 qələbə, 20 heç-heçə, 32 məğlubiyyət yaşayıblar. Komandanın top fərqi isə 82:95 nisbətindədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü “Valensiya” İspaniya La Liqasında 49 xalla 9-cü yerdə başa vurmuşdu. Cari mövsümdə isə bu komanda 17 oyuna 2 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyət yaşayıb. 12 xalı olan “Valensiya” yalnız sonuncu olan “Valyadolid”i qabaqlayır.

Xatırladaq ki, Ruben Baraxa futbolçu karyerasının son 10 ilini (2000-2010) məhz “Valensiya”da keçirib. O, bu komanda ilə iki dəfə İspaniya çempionu olub. Baraxa “Valensiya”nın heyətində İspaniya Kubokunu, UEFA Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Xəbəri istədiklərinizlə paylaşın