Ruben Baraxa “Valensiya”nın yeni baş məşqçisi təyin olundu

Bir müddət öncə italiyalı Cennaro Qattuzonu istefaya göndərən İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi Ruben Baraxa olacaq. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

47 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. İspaniyalı məşqçinin yaxın günlərdə yeni köməkçilərini tam müəyyənləşdirdikdən sonra işinə başlayacağı diqqətə çatdırılıb.

Ruben Baraxa “Valensiya” üçün yad sima deyil. O, futbolçu karyerasının 10 ilini (2000-2010) məhz bu klubda keçirib. “Valyadolid” və “Atletiko”da (Madrid) da oynamış mərkəz yarımmüdafiəçisi “Valensiya”da 263 oyuna 41 qol vurub. Məşqçiliyə Madrid “Atletiko”sunda başlamış Baraxa, daha sonra məhz “Valensiya”da yeniyetmələrdən və gənclərdən ibarət komandalarda çalışıb. O, “Elçe”, “Rayo Valyekano”, “Spotinq” (Xixon), “Tenerife” və “Saraqosa”da baş məşqçilik edib. “Saraqosa”ya 2020-ci ilin avqust ayında təyinat alan məşqçi, elə həmin il noyabrda istefaya göndəriləndən bəri işsiz idi.

Xatırladaq ki, “Valensiya”ya ötən ilin iyun ayından Cennaro Qattuzo rəhbərlik edirdi. İtaliyalı mütəxəssis ötən ayın sonunda uğursuz nəticələrə görə istefaya göndərilib. İtaliyalı mütəxəssis bu komandanı 22 matçda çıxarıb. “Valensiya” bu görüşlərdə 7 qələbə qazanıb, 6 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

“Valensiya” bu mövsüm La Liqada keçirdiyi 21 oyunda cəmi 20 xal toplayıb. 5 qələbə, 5 heç-heçəsi olan kollektiv, 11 matçda da məğlubiyyətlə üzləşib. Komanda hazırda 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. “Valensiya” bu mövsüm İspaniya kubokunda da mübarizəni dayandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: