Ruben Dias azı bir ay oynamayacaq

Futbol üzrə Portuqaliya yığma komandasının və İngiltərənin “Mançester Siti” klubunun mərkəz müdafiəçisi Ruben Dias zədələnib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 20-ci turunda “Çelsi”yə qarşı keçirdikləri ev oyununda (1:1) zədə alıb.

Müdafiəçi bu görüşün 81-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Ətraflı müayinələrdən sonra futbolçunun azı bir ay oynamayacağı müəyyənləşub. Bunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlayıb. O, arxa bud əzələsindən zədə almış Diasın son durumuna aydınlıq gətirərkən müdafiəçinin 4-6 həftə ərzində bərpa ola biləcəyini söyləyib.

Xatırladaq ki, Ruben Dias 2020-ci ilin sentyabr ayından “Mançester Siti”də çıxış edir. Onun İngiltərə nəhəngi ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Dias cari mövsümdə “şəhərlilər”in heyətində 23 oyuna çıxıb, 2 qol vurub. Onun “Mançester Siti”nin heyətindəki çıxışı rəqəmlərin gözü ilə belədir: 247 oyun, 6 qol, 5 assist.

Portuqaliyanın “Benfika” klubunun yetirməsi olan futbolçu, ölkəsinin milli komandasında da forma geyinir. O, Portuqaliya yığmasında meydana çıxdığı 74 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Dias “Benfika” və “Mançester Siti” ilə çoxsaylı titullara sahib çıxıb, Portuqaliya yığması ilə də UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin FIFA tərəfindən 2024-cü ilin rəmzi komandasına daxil edilib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.