Marsel “Olimpik”inin hücumameyilli yarımmüdafiəçisi Ruslan Malinovski Fransa klubundan birdəfəlik ayrılaraq “Cenoa”da qalmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Cenoa” Malinovskini bu mövsümün əvvəlində, 2023-cü ilin avqust ayında icarə əsasında heyətinə qatmışdı. İtaliya klubu bu qış fasiləsində “Olimpik”ə 7 milyon avro ödəməklə 30 yaşlı ukraynalını birdəfəlik transfer edib. Malinovski A Seriyası təmsilçisi ilə müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqavilə imzlayıb. O, mövsümün geridə qalmış hissəsində “Cenoa”da 22 oyuna çıxıb, 2 qol vurub, 2 assist edib.
Ruslan Malinovski Marsel “Olimpik”inə 2023-cü ilin yanvarında İtaliyanın “Atalanta” klubundan keçmişdi. O, Liqa 1 təmsilçisində 23 oyuna 2 qol və 1 assistlə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Şaxtyor” (Donetsk), “Sevastopol”, “Zarya”, “Genk”, “Atalanta” kimi klublarda forma geyinib. O, Ukrayna yığmasında da 57 oyun keçirib, 7 qol vurub.
“Cenoa” Marsel “Olimpik”inin Portuqaliyadan olan hücumçusu Vitinyanı (Vitor Manuel Karvalyo Oliveyra) da heyətinə cəlb edib. 23 yaşlı forvardın bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüldüyü diqqətə çatdırılıb.
Vitinya “Braqa”nın yetirməsidir. O, Marsel “Olimpik”inə 2023-cü ilin yanvarında 32 milyon avro qarşılığında keçmişdi. Hücumçu Liqa 1 klubunun heyətində 43 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. O, daha öncə Portuqaliyanın U-18 və U-21 yığmalarında da oynayıb.
Marsel “Olimpik”i sağ cinah vingeri Fransua Mugeni də “Dunkerk” klubuna icarəyə verib. 19 yaşlı kamerunlu futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb. O, Marsel təmsilçisinin əsas komandasında 9 oyuna 1 qol vurub.
“Cenoa” da hücumçusu Kelvin Yeboanı Belçikanın “Standard” (Lyej) klubuna icarəyə verib. 23 yaşlı futbolçu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb. O, 2022-ci ilin yanvarından formasını geyindiyi “Cenoa”da cəmi 31 oyuna çıxıb, 1 qol vurub, 3 assist edib. Yeboa daha öncə “Şturm Qraz, “Vattens”, “Monpelye”, “Auqsburq”da da oynayıb.