“Sabah”ın basketbol komandasının üzvü Rüstəm Əliyev 2023/2024 mövsümündə də Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı oyunçu ilə müqavilənin müddəti uzadılıb. O, 1 illik yeni sözləşməyə imza atıb.
Xatırladaq ki, Rüstəm Əliyev ötən mövsüm Bakı təmsilçisi ilə Azərbaycan çempionu olub. Bu üzdən də “Sabah”ın basketbol komandası FİBA Avropa Kubokunda iştirak hüququ qazanıb. Artıq Azərbaycan çempionunun FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsindəki rəqibləri də məlumdur. Püşkə əsasən, Azərbaycan çempionu A qrupunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.
Ötən mövsümü Azərbaycan çempionu kimi başa vurmuş “Sabah” bu yay Endər Poladxanlı və Şirzad Şirzadovu da heyətinə qatıb. Onlarla da 1 illik müqavilə imzalanıb.


