2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Səbail” sabah Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev futbolçuları yerli “Konyaspor”la oyunda sınaqdan keçirəcək.
Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Türkiyə Super Liqasında mübarizə aparan bu rəqiblə oyuna yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.
Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Ərzurumspor”la qarşılaşmış və 4:3 hesablı qələbəyə sevinmişdi. İkinci sınaq matçı isə Super Liqa təmsilçisi “Sivasspor”a qarşı olmuş və 1:1 hesabıyla yekunlaşmışdı.
Bu komanda Bakıdakı hazırlıq çərçivəsində də “Kəpəz”lə yoxlama oyunu keçirmiş və 2:1 hesablı qələbə qazanmışdı.


