2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Səbail” bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev futbolçuları yerli “Sivasspor”la oyunda sınaqdan keçirib.
Türkiyə Super Liqasında mübarizə aparan bu rəqiblə oyunda məşqçilər korpusu aşağıdakı heyətə güvəniblər:
Əsas heyət: Səlahət Ağayev, Adil Nağıyev, Cabir Əmirli, Ağabala Ramazanov, Aleksandr Ramalinqom, Süleyman Əhmədov, Pedro Nuno, Yadin Luqasi, Nir Bardea, Pana, David Qomis.
Ehtiyat oyunçular: Hüseynəli Quliyev, Sadiq Məmmədzadə, Bahadur Həziyev, Amil Yunanov, Rüfət Abdullazadə, Emin Rüstəmov, Rafael Məhərrəmli, Samir Abdullayev, Taleh Qarayev, Zeynəddin Abdurrahmanov, Yusif Nəbiyev.
Oyunda hesabı Sərvət Çətinin çalışdırdığı “Sivasspor” açıb. Klinton Njie 7-ci dəqiqədə bakılıları meydanın mərkəzinə dəvət edib. Amma 43-cü dəqiqədə “dənizçilər”in yeni transferi Pedro Nuno bərabərlik qolunu vurmağı bacarıb. İkinci hissədə qapılara başqa qol vurulmayıb və komandalar meydanı 1:1 hesablı heç-heçə ilə tərk ediblər.
Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Ərzurumspor”la qarşılaşmış və 4:3 hesablı qələbəyə sevinmişdi. Bu komanda Bakıdakı hazırlıq çərçivəsində də “Kəpəz”lə yoxlama oyunu keçirmiş və 2:1 hesablı qələbə qazanmışdı.
“Dənizçilər” Türkiyədəki hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirəcəklər. Amma sonuncu rəqibin kimliyinə hələ aydınlıq gəlməyib.


