Şəhriyar Məmmədyarov Özbəkistanda 6-cı oldu

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən beynəlxalq turnirdə – Rüstəm Kasımjanov kubokunda iştirak edib. Arena.az xəbər verir ki, rapid üzrə beynəlxalq turnirə martın 28-də start verilib.

İki gün davam edən və ötən gün başa çatan yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak ediblər. Turnirdə Azərbaycanı yalnız Şəhriyar Məmmədyarov təmsil edib. Onun digər rəqibləri Javoxir Sindarov, Şamsiddin Voxidov, Caxongir Vaxidov, Nodirbek Yakubboyev (Özbəkistan), Parham Maqsudlu (İran), Yorden Van Forest (Niderland) kimi şahmatçılar olub.

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olub.

Mükafat fondu 50 min ABŞ dolları olan turnirin qalibi Cavoxir Sindarov olub. O, 6.5 xal toplayaraq ikinci yeri tutan Parham Maqsudlu (6) və üçüncü olan Şamsiddin Voxidovu (5) qabaqlayıb.

Şəhriyar Məmmədyarov bu yarışda altıncı yerlə kifayətlənib. O, cəmi 4.5 xal toplaya bilib. Azərbaycanlı şahmatçı yalnız Cahongir Vaxidov və Nodirbek Yakubboyevə qalib gəlib. Aleksandr Qrişuk, Rüstəm Kasımjanov, Yorden Van Forest, Parham Maqsudlu və Şamsiddin Voxidovla heç-heçəyə razılaşan “Şah”, Cavoxir Sindarov və Nodirbek Abdusattorova da məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: