Səid Nəcəfzadə: “Hər yerdə xalqımın dəstəyini gördüm”

Bu gün Fransanın paytaxtı Parisdə Paralimpiya çempionu olan Azərbaycan paraatleti Səid Nəcəfzadə bu uğurunu şərh edib.

Arena.az xəbər verir ki, T12 kateqoriyasında mübarizə aparan paraatlet uzunluğa tullanma növündə çıxış edib.

Nəcəfzadə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Səid Nəcəfzadə bu uğurunu belə şərh edib: “Parisdə Paralimpiya Oyunlarında qızıl medal qazandım. İkinci dəfə Paralimpiya Oyunlarında iştirak edirdim. Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlıydım. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm. Cənab Prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Məşqçimə, üzvü olduğum “Neftçi” İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm”.

Xatırladaq ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Daha öncə Roman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Azərbaycan parataekvondoçuları – İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medala sahib çıxıblar. Bu göstərici ilə ölkəmiz hazırda 24-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: