Futbol üzrə Türkiyə millisinin sabiq müdafiəçisi Sərvət Çətin Super Liqada mübarizə aparan “Sivasspor”un baş məşqçi postundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Sivas klubunun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, bu mövsümün əvvəlində Sivas təmsilçisinin baş məşqçisi təyin edilmişdi. Lakin komandanın qeyri-sabit çıxışı ilə əlaqədar tərəflər əməkdaşlığı dayandırmaq qərarına gəliblər.
Xatırladaq ki, bu, Sərvət Çətinin baş məşqçi kimi ilk təcrübəsi idi. O, buna qədər Sivas klubunda keçmiş baş məşqçi Rıza Çalımbayın köməkçisi kimi fəaliyyət göstərirdi. Keçmiş müdafiəçi “Konyaspor” və “Trabzonspor”da da Çalımbayla birgə çalışmışdı.
“Sivasspor” Çətinin rəhbərliyi altında cəmi 19 oyuna çıxıb. Sivaslılar bu görüşlərdə 7 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüblər.
Sivas klubu bu mövsüm Super Liqada 17 oyun keçirib. Sözügedən komanda bu görüşlərdə 5 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib. Komanda hazırda 21 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Sivaslıların Super Liqadakı növbəti oyunu yanvarın 7-də səfərdə “Kayserispor”la olacaq.
Sərvət Çətin futbolçu karyerası dönəmində də “Sivasspor”un uğurları üçün çalışıb. O, 2006/2007 mövsümündə bu komandada 33 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. Çətinin formasını geyindiyi klublar arasında “Qalatasaray”, “Fənərbaxça”, “Əskişəhərspor”, “Mersin Talimyurdu”, “Dənizlispor”, “Göztəpə” və “Kartalspor” da var. O, vaxtilə Türkiyə millisində də 59 oyun keçirib, 3 qol vurub.


