“Sabah” “Əl-Sədd” üzərində inamlı qələbəyə sevindi

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşıb.

Kematen stadionunda baş tutan oyun məhsuldar alınıb. Hesabı 4-cü dəqiqədə Namiq Ələsgərov açıb. 30-cu dəqiqədə Con İrasabal Azərbaycan təmsilçisinin ikinci qoluna imza atıb. 62-ci dəqiqədə “Əl-Sədd” buraxılan toplardan birinin əvəzini çıxmağı bacarıb. Amma cəmi bir dəqiqə sonra Emmanuel Apeh hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. Qalan dəqiqələrdə hesab dəyişməz qalıb və Murad Musayevin çalışdırdığı kollektiv ilk sınağından 3:1 hesablı qələbə ilə ayrılıb.

Xatırladaq ki, “Sabah” Avstriya toplanışına iyulun 6-dan start verib. Sözügedən komanda Tiroldakı hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Digər rəqiblərin kimliyinə hələ aydınlıq gəlməyib. Avstriya toplanışı iyulun 20-nə qədər davam edəcək.

“Sabah” bu mövsüm tarixində ilk dəfə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bakılılar bu mərhələdə “Makedoniya” (Skopye, Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyununu səfərdə keçirəcək.

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.

Sonda onu da xatırladaq ki, baş məşqçi Murad Musayev komandasını “Əl-Sədd”lə oyuna bu heyətlə buraxıb:

12. Yusif İmanov, 2. Con İrasabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 20. Coy Lens-Mikels, 77. Namiq Ələsgərov, 18. Davit Volkov.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 33. Camal Cəfərov, 15. Kristian Da Silva, 6. Şakir Seyidov, 5. Rəhman Daşdəmirov, 19. Emmanuel Apeh, 99. Higor Qabriel, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 17. Tellur Mütəllimov, 26. Əhməd Tarverdiyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: