“Sabah” amerikalı basketbolçularla gücləndi

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” klubu mövsümlərarası fasilədə növbəti transferlərini həyata keçirib.

Arena.az xəbər verir ki, paytaxt klubu amerikalı Kivon Devonport və Mayk Holtonla güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə hər iki basketbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

203 santimetr boya malik olan Kivon Devonport peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. 25 yaşlı basketbolçu son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.

Mayk Holton isə peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriya klublarında çıxış edib. O, son olaraq Avstriya Super Liqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər oyunda orta hesabla 21 xal toplayıb.

Xatırladaq ki, Azərbaycan çempionu bu yay Endər Poladxanlı və Şirzad Şirzadovu da heyətinə qatmışdı. Onlarla da 1 illik müqavilə imzalanmışdı. Əlikamran Məmmədov və Rüstəm Əliyevlə də 1 illik yeni müqavilə imzalanıb.

Sonda onu da bildirək ki, “Sabah”ın basketbol komandası bu mövsüm FİBA Avropa Kubokunda iştirak edəcək. Azərbaycan çempionunun bu turnirin təsnifat mərhələsindəki rəqibləri də məlumdur. Püşkə əsasən, “Sabah” A qrupunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: