“Sabah” Belqradda ikinci qələbəsinə sevindi

Serbiyada təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində dördüncü yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamızın FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində növbəti rəqibi Serbiyanın “Srvena Zvezda” klubunun ikinci kollektivi olub.

Belqradda keçirilən oyun Bakı təmsilçisi üçün uğurlu alınıb. Belə ki, bakılılar yekunda 81:78 hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, Azərbaycan çempionu ilk yoxlama oyununda Serbiyanın “Vrsaç” komandasına 57:62 hesabı ilə məğlub olmuşdu. Yerli “Radniçki”yə qarşı ikinci oyun da təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Üçüncü oyunda isə komandamız “OKK Belqrad”a 97:84 hesabı ilə qalib gəlmişdi.

“Sabah” Serbiyada daha bir yoxlama oyunu keçirəcək. Belə ki, komandamız Belqraddakı son hazırlıq görüşündə “Zlatibor”la qarşılaşacaq. “Srvena Zvezda”nın təlim-məşq bazasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. “Boraç Zemun”la yoldaşlıq matçı isə baş tutmayıb.

Sonda onu da qeyd edək ki, “Sabah” bu mövsüm 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək. Komandamız FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar” (Qroningen, Niderland), “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: