Azərbaycan Basketbol Liqasının sonuncu qalibi “Sabah” bu gün FIBA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünə start verəcək.
Arena.az xəbər verir ki, litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci turu çərçivəsində Çexiyada yerli “Nimburk”un qonağı olacaq.
Oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Bu qrupun digər oyunu Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında sabah keçiriləcək.
Azərbaycan çempionunun liderlərindən olan Endər Poladxanlı “Nimburk”a qarşı keçirəcəkləri bu matçda iştirak edə bilməyəcək. Kapitan zədə səbəbindən meydana çıxmayacaq.
Azərbaycan təmsilçisini səfər qarşılaşmasında 50-yə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis də bu oyundan öncə klubun mətbuat xidmətinə açıqlama verib. Litvadan olan təcrübəli mütəxəssis bildirib ki, qarşılaşacaqları kollektiv kifayət qədər ciddi rəqibdir:
“Nimbruk” zəngin avrokubok təcrübəsinə, böyük ənənəyə malik komandadır. Oturuşmuş sistemləri var. Müntəzəm mövsümdə debütant olsaq da, oyuna çox yaxşı hazırlaşmışıq. Məşqlərdə düşündüklərimizi oyunda reallaşdıra bilsək, uğurlu nəticə qazana bilərik”.
“Sabah”ın oyunçusu Hassani Qravett isə Çempionlar Liqasındakı ilk oyunu səbirsizliklə gözlədiyini söyləyib: “Komandada atmosfer çox yüksək səviyyədədir. Düşünürəm ki, oyun planında aqressiv olmalıyıq. Çox böyük istəklə mübarizə aparmalıyıq. Motivasiyamız yüksəkdir. Bir sözlə, bütün diqqətimiz oyuna yönəlib”.


