“Sabah” daha bir transfer etdi, avrokubok matçlarının vaxtı bilindi

“Sabah” basketbol klubunun FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, A qrupunda qərarlaşan Azərbaycan çempionu matçlarını axşam saatlarında keçirəcək.

Avropa Kubokunun debütantının “Donar” (Qroningen, Niderland) və “Rapid”lə (Buxarest, Rumıniya) görüşü Bakı vaxtı ilə saat 19:30-da, “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşması isə 22:30-da start götürəcək.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

FİBA Avropa Kuboku
A qrupu

2 oktyabr
19:30. “Donar” (Qroningen, Niderland) – “Sabah”
Skopye. Boris Traykovski adına İdman Mərkəzi

3 oktyabr
22:30. “Sabah” – “Rabotniçki” (Skopye, Şimali Makedoniya)
Skopye. Boris Traykovski adına İdman Mərkəzi

5 oktyabr
19:30. “Rapid” (Buxarest, Rumıniya) – “Sabah”
Skopye. Boris Traykovski adına İdman Mərkəzi

Yeri gəlmişkən, Azərbaycan çempionu heyətinə daha bir yeni basketbolçu qatıb. Klubun mətbuat xidmətindən verilən məlumata gröə, amerikalı Desmond Kembriclə 1 illik müqavilə imzalanıb.

O, son mövsümü “Arizona Steyt” komandasında keçirib. 24 yaşlı basketbolçu “Toronto Raptors”un heyətində NBA yay liqası çərçivəsində baş tutan görüşlərin iştirakçısı olub.

Xatırladaq ki, paytaxt klubu daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Entoni Vilson, Şirzad Şirzadov və Endər Poladxanlını transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 il uzadılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: