“Sabah” “Rabotniçki”yə də qalib gəldi!

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün FİBA Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsinin A qrupunun oyunları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunub.

Azərbaycan çempionu ikinci sınağında məhz yerli “Rabotniçki” komandası ilə üz-üzə gəlib. Boban Mitevin yetirmələri bu dəfə də gərgin keçən görüşdən çətin qələbə ilə ayrılıb. Bakı klubu 83:81 hesablı əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, Azərbaycan çempionu ilk sınağında da Niderland təmsilçisi “Donar”ı (Qroningen) çətinliklə, 75:72 hesabı ilə məğlub etmişdi.

Qrupun digər görüşündə Rumıniya klubu “Rapid” “Donar”a (69:65) qalib gəlib.

Qeyd edək ki, “Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadır. Azərbaycan çempionu bu qrupda “Rapid”lə (Buxarest, Rumıniya) də qarşılaşacaq. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Həlledici görüş oktyabrın 5-də baş tutacaq. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq. Hazırda “Rapid” daha yaxşı göstəricilərə əsasən qrup lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: