Basketbol üzrə sonuncu Azərbaycan çempionu “Sabah” mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Arena.az xəbər verir ki, sözügedən klub Şirzad Şirzadovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı oyun qurucusu ilə 1 illik müqavilə imzalanıb.
Şirzadov ötən mövsüm NTD komandasında çıxış edib. O, 2017-ci ildə Azərbaycanın U-16 millisi ilə Avropa çempionatının C Divizionunda ikinci yeri tutub.
Xatırladaq ki, “Sabah” buna qədər Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlını “Sərhədçi”dən transfer edib.
Yeri gəlmişkən, komandanın yeni baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun püşkatması ilə bağlı fikirlərini bölüşüb. O, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Öncə onu deməliyəm ki, məni burada çox isti qarşıladılar. Buna görə “Sabah” ailəsinə təşəkkür edirəm! Komandanın inkişafı üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Püşkə gəlincə, hər şey mümkündür. Biz Avropada debütant sayılırıq. Yeni komandayıq. Klub olaraq beynəlxalq turnirlərdə iştirak təcrübəmiz yoxdur. Əvvəlcə mərhələli şəkildə komandanı avrokubok oyunlarına hazırlamalıyıq. Komanda yenidən qurulur. Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik. Rəqiblərimiz yaxşı maddi dayaqlara malik klublardır. Mənim ölkəmi təmsil edən “Rabotniçki”nin yaxşı büdcəsi var. Buna baxmayaraq, bu oyunlardan qalib ayrılmaq üçün hər görüşdə maksimum gücümüzlə mübarizə aparacağıq”.
Xatırladaq ki, Azərbaycan çempionu oktyabrın 2-5-də Skopyedə keçiriləcək A qrupunun matçlarında “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.


