Sabiq ispan hakim Eduardo İturralde Qonsales “Barselona”nın baş məşqçisi Xavinin hakimliklə bağlı narazılığına məntiqi cavabla gündəm olub.
Arena.az məlumat verir ki, İturralde Qonsales AS TV-nin “Conexion Liga” verilişində Xavinin hakimliyin səviyyəsi ilə bağlı iddialarına, xüsusən də hakimlərin “Real”ın tərəfində olması iddiasına cavab verib.
Xatırladaq ki, Xavi La Liqanın 21-ci turunda “Real”ın “Almeriya”ya üzərində qələbəsindən (3:2) sonra həmin oyunda yaşanmış məqamlara hakimin qərarlarını əsas tutaraq, belə bir şəraitdə “Barselona”nın La Liqanı qazanmasının çətin olacağını bildirmişdi.
“Şəxsən mən Xaviyə növbəti sualı verərdim. Hakimlər keçənilki kimidirmi? Bəli. İspaniya Hakimlər Texniki Komitəsi keçən il olduğu kimidirmi? Bəli. Bu, eyni “Real”dırmı? Bəli. Bu, eyni “Barselona”dırmı? Bəli. Yaxşı, bəs keçən il La Liqanı necə qazandınız?” – deyə sabiq hakim məntiqi mövqeyi ilə diqqət çəkib. İturralde Qonsalesin nitqi təbəssüm və alqışlarla qarşılanıb.
Vurğulayaq ki, sözügedən oyunda hakimin guya “Real”a tərəf olması və 0:2 məğlub ikən “kral klubu”nun qələbəsinə “yardım” etməsi kimi iddialar oyundan sonra əsassızlığa uğrayıb. Belə ki, İspaniya Hakimlər Texniki Komitəsi baş hakimin VAR-la danışıqlarını ictimailəşdirib, həmçinin mübahisəli məqamların təhlilini ortaya qoyub. Oyunun hərəki gərginliyində və sonra qonaq klubun düşərgəsinin bu məqamlara və hakimin qərarlarına şübhəli münasibəti isə hisslərin coşğunluğu kimi qiymətləndirilib.


