Şahin Diniyev: “Sivasspor”la oyunda qələbəyə biz daha yaxın idik”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Türkiyədəki təlim-məşq toplanışında yerli “Sivasspor”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Olduqca çətin rəqibə qarşı növbəti yoxlama oyunumuzu keçirdik. Əslində, bu qədər ağır məşqlərdən sonra komandamın yorğun olacağını düşünürdüm. Lakin bütün kollektiv “Sivasspor”la qarşılaşmada xarakter nümayiş etdirdi, hətta deyərdim ki, gözlədiyimdən də yaxşı oyun göstərdi. “Sivasspor” Türkiyə Super Liqasının güclü komandaları sırasındadır. Sevindirici haldır ki, komandam rəqibdən çəkinmədi, olduqca inamlı mübarizə apardı. Futbolçularımız taktiki cəhətdən ağıllı oyun nümayiş etdirdi. Hücumlarda daha dəqiq olsaydıq, qələbə də qazana bilərdik. Qarşılaşma ərzində çox sayda qol imkanını əldən verdik. Maraqlı səslənsə də, qələbəyə biz daha yaxın idik. Futbolçularıma göstərdiyi xarakter və maraqlı oyuna görə təşəkkür edirəm”.

Şahin Diniyev futbolçuların toplanışa münasibətindən də söz açıb: “Ümumilikdə götürsək, bütün futbolçular toplanış dövründə hər bir tapşırığa məsuliyyətlə yanaşır. Həm nizam-intizam, həm də oyun baxımından komandamızda inkişaf nəzərə çarpır. Bu hələ başlanğıcıdır. Daha yaxşı oynamaq üçün potensialımız var”.

Xatırladaq ki, “Səbial” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda “Ərzurumspor”a 4:3 hesabıyla qalib gəlmişdi. “Dənizçilər”in qardaş ölkədə daha bir sınaq matçına çıxması nəzərdə tutulub. Amma sonuncu rəqibin kimliyinə və vaxtına hələ tam aydınlıq gəlməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: