Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
Arena.az xəbər verir ki, 3-cü turda Azərbaycanın kişilərdən ibarət millisi İsveçrəyə 3:1 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini üstələyiblər. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.
Qadınlardan ibarət Azərbaycan milli komandası isə İsveç yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız bu görüşdə 2,5:1,5 hesablı qələbə qazanıblar. Gülnar Məmmədova rəqibini məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə isə heç-heçəyə razılaşıblar.
Xatırladaq ki, ilk iki turda Azərbaycanın kişilərdən ibarət yığması Mərakeş (4:0) və Filippin (3:1) komandalarına qalib gəlmişdi. Qadınlardan ibarət milli komandamız isə Qvatemala və Danimarkanı 4:0 hesabı ilə məğlub etmişdi.
İlk iki turun yekunlarına əsasən, kişilərdən ibarət Azərbaycan yığması 4 xalla turnir cədvəlində 19-cu, eyni xala malik qadınlardan ibarət milli komandamız isə 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.


