Samuel Says və Kader Keyta “Sivasspor”dan ayrıldılar

Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubu iki yarımmüdafiəçisi – Samuel Says və Kader Keyta ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Sivas klubunun mətbuat xidməti məlumat yayıb.

Samuel Says TFF Birinci Liqa təmsilçisi “Eyüpspor”a keçib. İspaniyadan olan 25 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni klubu ilə 2,5 illik müqaviləyə imza atıb. Sivas klubunun bu transferdən nə qədər qazandığı açıqlanmır.

Kader Keyta isə Rumıniyanın ÇFR (Kluj) klubuna satılıb. Türkiyə təmsilçisi bu satışdan 120 min avro qazanıb. Fil Dişi Sahilindən olan 23 yaşlı dayaq yarımmüdafiəçisi yeni klubu ilə 3,5 illik müqaviləyə imza atıb.

Xatıtladaq ki, Says 2023-cü ilin yanvar ayından “Sivasspor”un uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi bu komandanın heyətində bütövlükdə 35 oyuna çıxıb, 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, “Jirona”, “Hueska”, “Lids”, “Atletiko” (Madrid), “Xetafe”, “Real Madrid Kastilya”, “Melilla”, “Sevilya”, “Almeriya” kimi klublarda da forma geyinib. Vaxtilə İspaniyanın U-19 yığmasında oynamış Says əsas millidə debüt şansı qazanmayıb.

Keyta isə 2022-ci ilin avqustundan “Sivasspor”da idi. Yarımmüdafiəçi Super Liqa təmsilçisinin heyətində 31 oyun keçirsə də, qol və ya məhsuldar ötürmə müəllifi olmayıb. O, “Vesterlo”, “Lill” və “Sion”da da forma geyinib. Kader Fil Dişi Sahilinin Olimpiya yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Sivasspor” bu mövsüm Türkiyə Super Liqasında 20 oyuna topladığı 25 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: