İspaniyanın “Barselona” klubu müdafiəçisi Samuel Umtiti ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı futbolçunu İtaliyanın “Leççe” klubuna icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransalı oyunçunun icarə müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Samuel Umtiti 2016-cı ildən “Barselona”da çıxış edir. Kataloniya təmsilçisi fransalı oyunçunu 2016-cı ilin yayında Lion “Olimpik”indən 25 milyon avroya transfer etmişdi. Onun klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. Lakin komandanın baş məşqçisi Xavi ona əsas heyət oyunçusu kimi baxmırdı. Umtiti “Barselona”da bütövlükdə 133 oyuna çıxıb, 2 qol vurub. O, Fransa yığmasında keçirdiyi 31 matçda isə 4 qol müəllifi olub.
“Leççe” SPAL-dan Federiko Di Françeskonu, “Volfsburq”dan Marin Ponqraçiçi də transfer edib. Ponqraçiç mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Di Françesko isə 500 min avro qarşılığında transfer olunub. Onunla 3 illik müqavilə imzalanıb.
Federiko Di Françesko 2019-cu ildən SPAL-da çıxış edirdi. Yarımmüdafiəçi bu komandada 51 oyuna çıxıb, 7 qol vurub. 28 yaşlı vinger daha öncə “Peskara”, “Qubbio”, “Kremoneze”, “Virtus Lansano”, “Bolonya” və “Sassuolo”da da forma geyinib. İtaliya futbolçu ölkəsinin U-19 və U-21 yığmalarında da oynayıb.

Marin Ponqraçiç isə 2020-ci ildən “Volfsburq”un uğurları üçün çalışırdı. Almaniyada dünyaya göz açmış xorvatiyalı mərkəz müdafiəçisi bu komandada cəmi 23 oyuna çıxıb, 2 qol vurub. O, ötən mövsümü icarə əsasında Dortmund “Borussiya”sında keçirib. 24 yaşlı futbolçu Dortmund təmsilçisində də 23 oyuna çıxıb. O, daha öncə “Zalsburq” və “1860 Münhen” klublarının da formasını geyinib. 2020-ci ildən Xorvatiya yığmasına dəvət alan Ponqraçiç, millidə 5 oyun keçirib.

“Leççe”də 2 ayrılıq
“Leççe” öz oyunçularından yarımmüdafiəçi Françesko Di Mariano ilə müdafiəçi Arturo Kalabrezini də satıb. “Palermo”ya keçən 26 yaşlı Di Marianonun transferi yeni klubuna 1 milyon avroya başa gəlib. “Piza”ya transfer olan Kalabreziyə görə “Leççe”yə nə qədər təzminat ödənildiyi isə bilinmir.
Françesko Di Mariano “Leççe”nin öz yetirməsidir. O, sonralar “Roma”, “Ankona”, “Monopoli”, “Novara”, “Venesiya”, “Yuve Stabiya” kimi klublarda olduqdan sonra ötən ilin yayında yenidən doğma klubuna qayıtmışdı. 26 yaşlı vinger bu komandada ötən mövsüm 29 oyuna 5 qol vurub.

Arturo Kalabrezi isə “Roma”nın yetirməsidir. O, paytaxt klubunda olduğu dönəmdə “Livorno”, “Breşiya”, “Spetsiya”, “Focciya” kimi komandalarda icarədə oynayıb. 2018-ci ildə “Bolonya”ya keçən futbolçu burada da möhkəmlənə bilməyib və “Amyen”, “Kalyari” klublarına icarəyə verilib. 26 yaşlı mərkəz müdafiəçisi ötən mövsümdən formasını geyindiyi “Leççe”də 31 matça çıxıb. O, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.



