İngiltərənin “Sauthempton” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Neytan Cons çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 3.5 illik müqavilə imzalanıb.
Neytan Cons bu vəzifədə noyabrın 7-də istefaya göndərilmiş Ralf Hazenhüttlü əvəz edib. Hansı ki, 55 yaşlı mütəxəssisin müqaviləsi komandanın uğursuz nəticələrinə görə vaxtından əvvəl ləğv olunub. Belə ki, “Sauthempton” İngiltərə Premyer Liqasında 14 turdan sonra 12 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
Ralf Hazenhüttl 2018-ci ildən “Sauthempton”a rəhbərlik edirdi. Avstriyadan olan mütəxəssis bu komandanı bütövlükdə 173 matça çıxarıb. “Sauthempton” bu matçlarda 59 qələbə qazanıb, 41 heç-heçə edib və 73 dəfə məğlub olub.
Neytan Cons isə son olaraq “Luton”da baş məşqçi kimi çalışıb. O, 2020-ci ildən baş məşqçisi olduğu bu komandadan bu il ayrılıb. Uelsdən olan mütəxəssis vaxtilə “Stok Siti”yə də rəhbərlik edib.


