İngiltərə Premyer Liqasının aşkar autsayderi olan “Sauthemtpon” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Fransanın “Renn” komandasından yarımmüdafiəçi Kamaldin Sulemana ilə Belçika “Genk”inin hücumçusu Pol Onuaçunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Sauthempton” bu iki oyunçu üçün bütövlükdə 43 milyon avro ödəyib. Belə ki, Sulemana üçün “Renn”ə 25 milyon avro ödəməli olan Premyer Liqa təmsilçisi, Onuaçuya görə də 18 milyon avro xərcə düşüb. Yeri gəlmişkən, Kamaldinə görə ödənilən məbləğ bu klub tarixinin rekord göstəricisidir.
Sulemana ilə müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Onuaçu isə azı 2026-cı ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışacaq.

Qanadan olan Kamaldin Sulemana peşəkar karyerasına Danimarkanın “Nordsyelland” komandasında başlayıb. O, 2021-ci ildə məhz bu klubdan 17 milyon avro qarşılığında “Renn”ə transfer olunmuşdu. 20 yaşlı vinger Liqa 1 təmsilçisində meydana çıxdığı 47 oyuna 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. O, Qana yığmasında da 15 oyun keçirib.
Maraqlıdır ki, Onuaçu da peşəkar karyerasına məhz Danimarkada – “Midtyulland” komandasında başlayıb. İcarə əsasında “Vayle”də də forma geyinmiş 28 yaşlı forvard, 2019-cu ildən “Genk”in uğurları üçün çalışırdı. Nigeriyalı hücumçu Belçika təmsilçisində 134 oyun keçirib, 85 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, Nigeriya milli komandasında da 16 oyunda 3 qola imza atıb.


