İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Sloveniya yığması ilə oyunu (0:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Oyunçular soyuqqanlılıqlarını qorudular və çətin şəraitdə işin öhdəsindən gəldilər, mən onlarla fəxr edirəm. İkinci hissədə oyuna tam nəzarət edirdik, bir neçə yaxşı imkan yaratdıq, amma təəssüf ki, qol vura bilmədik, müdafiədə isə etibarlı qaldıq. Əlbəttə ki, hamını sevindirmək üçün qol vurmaq istəyirdik, amma qrupdan birinci yerdə çıxdığımız üçün şadıq. Bugünkü oyunumuzda ümidverici əlamətlər vardı.
Mən əldə olunanlardan çox məmnunam”, deyə Sautqeyt vurğulayıb.
Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “C” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:
- İngiltərə – 5 xal
- Danimarka – 3 xal
- Sloveniya – 3 xal
- Serbiya – 2 xal
İngiltərə və Danimarka yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar. İngilislər rəqiblərinin intizarında ikən, Danimarka yığması AÇ-2024-ün meydan sahibi Almaniya yığması ilə qarşılaşacaq. Sloveniya yığması isə böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Serbiya yığması isə Avropa çempionatı ilə vidalaşıb.


