Sautqeyt: “Touninin oyun keyfiyyətini qiymətləndirmirlər”

Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisi Qaret Sautqeyt hücumçu Ayvan Touni haqda fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, ingilis mütəxəssis hücumçunun İngiltərə yığmasının heyətində Belçika milli komandası ilə keçiriləcək yoldaşlıq oyununda iştirak edəcəyini bildirib:

“Özünə güvənən oğlandır, komandaya öz klubunda uğurlu çıxışından sonra gəlib. O, çərşənbə axşamı meydana çıxacaq, şübhəsiz.

Məncə, bəzən Touninin oyun keyfiyyəti lazımi səviyyədə qiymətləndirilmir. Onun ötürməsi, birləşdirici oyunu. Biz bütün bu üstünlüklərlə yeni tanış oluruq, çünki bir oyunçu ilə müntəzəm işləməyənə qədər onu daxildən tanıya bilməyəcəksən. Siz ona yekəpər oğlan kimi baxırsınız, amma o, təkcə məqsədyönlü oyunçu deyil. Onun əlaqəlndirici oyun keyfiyyəti də çox yaxşıdır. Əminlik və özünəinam çox önəmlidir”, deyə Sautqeyt vurğulayıb.

Ayvan Touni “Northempton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Nyukasl”, “Barnsli”, “Şrusberi”, “Skantorp Yunayted”, “Uiqan”, “Piterboro” komandalarında da çıxış edib. 2020-ci ilin sentyabrın 1-də “Brentford” 5,6 milyon avro müqabilində Tounini “Piterboro”dan heyətinə qatıb. 28 yaşlı futbolçunun “Brentford”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Touni 2023/2024 mövsümündə “Brentford”un heyətində cəmi 10 oyuna çıxıb və 5 qol vurub. Hücumçunun İngiltərə klubundakı karyerası bütövlükdə 134 oyun, 72 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Ayvan Touni İngiltərə yığmasının heyətində 2023-cü ilin martında debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, İngiltərə və Belçika yığmaları arasındakı yoxlama oyunu sabah – martın 26-da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: