Sergey Rebrov: “Azərbaycan öz millisinə dəyər vermir”

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Polşada üz-üzə gəliblər.

Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sergey Rebrov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəticəyə görə xoşbəxtəm. Özünüz gördüyünüz kimi, çox çətin və ciddi oyun alındı. Hər iki komanda qalibiyyət istəyirdi. Amma sonda biz qalib gəldik. Beş oyunçumuz bu matçda yox idi. Azərbaycan yığmasını udmaq bizim üçün çətin başa gəldi.

Azərbaycan yığmasının zəif rəqib olduğunu heç vaxt düşünməmişəm. Belə bir sözü də heç vaxt dilimə gətirməmişəm. İslandiya ilə oyunda göstərdiyi nəticə bu komandanın real gücünü göstərmirdi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdılar. Öz futbolçularımızla da bu barədə söhbət aparmışdıq.

Ukrayna millisi həmişə qələbəyə köklənir, qələbə qazanır. Bu gün İslandiya – Fransa görüşündə bərabərlik qeydə alındı. Amma gözləyirik ki, zədəlilərimiz qayıtdıqdan sonra daha da gözəl nəticələr qazanaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: