Serj Qnabri 3 aylıq sıradan çıxdı

Futbol üzrə Almaniya yığmasının və “Bayern” klubunun yarımmüdafiəçisi Serj Qnabri 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

Buna 28 yaşlı yarımmüdafiəçinin “Ayntraxt”a 1:5 hesabı ilə uduzduqları Bundesliqa matçında zədələnməsi səbəb olub. 66-cı dəqiqədə oyuna qoşulan futbolçu iki dəqiqə sonra rəqiblə toqquşduqdan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Bu, almaniyalı futbolçunun cari mövsümdə ilk zədəsi deyil. O, daha əvvəl də bir neçə qarşılaşmanı buraxıb.

Qnabri cari mövsüm Bundesliqada 5 matçda iştirak edib.

Xatırladaq ki, Serj Qnabri 2017-ci ilin iyul ayından “Bayern”də çıxış edir. Yarımmüdafiəçi Münhen təmsilçisində bütövlükdə 229 oyuna çıxıb, 82 qol vurub, 51 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Verder”, “Hoffenhaym”, “Arsenal”, “Vest Bromviç” kimi klubların da formasını geyinib. Qnabri Almaniya yığmasında da 45 oyuna çıxıb, 22 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: