Madrid “Atletiko”sunun mərkəz hücumçusu Serxio Kamelyo La Liqanın digər təmsilçisi “Rayo Valyekano”ya keçib.
Arena.az xəbər verir ki, transfer 22 yaşlı ispan forvardın yeni klubuna 5 milyon avroya başa gəlib.
Tərəflər 4 illik müqaviləyə imza atıblar. Ötən mövsümü məhz “Rayo Valyekano”da icarədə keçirmiş Serxio Kamelyo bu komandada 42 oyuna 7 qol vurub, 5 assist edib. “Mirandes”də də icarədə olmuş futbolçu “Atletiko”nun əsas komandasında 6 oyuna 1 qol vurub.
“Atletiko” üç futbolçusunu da icarəyə verib. İspan hücumçu Karlos Martin “Mirandes”ə, ispan vinger Xerman Valera və argentinalı müdafiəçi Santyaqo Mourinyo isə “Saraqosa”ya keçib. 21 yaşlı futbolçular bu mövsümün sonuna kimi icarədə olacaqlar.
“Rayo Valyekano” “Levante”nin qapıçısı Dani Kardenas və sağ cinah vingeri Xorxe de Frutosu da heyətinə qatıb. 4 illik müqaviləyə imza atmış 26 yaşlı Kardenasın transferi 1,3 milyon avroya başa gəlib. De Frutos üçün isə “Levante”yə 8 milyon avro ödənilib. 26 yaşlı ispan futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Hueska”nın sağ cinah müdafiəçisi Andrey Ratyu və “Valyadolid”in yarımmüdafiəçisi Kike Peres də “Rayo Valyekano”ya keçib. İspaniyadan olan 26 yaşlı Peres mövsümün sonuna kimi icarəyə götürülüb. 25 yaşlı Ratyu isə yeni klubuna 500 min avro qarşılığında keçib və 5 illik müqaviləyə imza atıb.
“Rayo Valyekano” öz oyunçularından da bir neçəsi ilə vidalaşıb. Komandanın sağ cinah vingeri Salvi Sançes 700 min avro müqabilində “Espanyol”a keçib. 32 yaşlı ispan yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Sağ cinah müdafiəçisi Mario Hernandes də “Real Ovyedo”ya keçib. Yeni klubuna azad agent kimi qoşulan 24 yaşlı ispan 1 illik müqavilə bağlayıb.
“Rayo Valyekano”nun hücumameyilli yarımmüdafiəçisi Xoni Montiel (24 yaş) “Valyadolid”ə, qapıçısı Migel Morro (22 yaş) da “Vilyarreal”a keçib. Bu iki oyunçu isə mövsümün sonuna kimi icarədə olacaq.


