Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF Birinci Liqanın 25-ci turu çərçivəsində “Ərzurumspor”la qarşılaşıb.
Səfərdə baş tutan görüş Kocaeli klubunun xal itkisi ilə yekunlaşıb. Ramilin komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.
Azərbaycanlı futbolçu bu oyunun 78-ci dəqiqəsində meydana buraxılıb. Amma milli üzvü komandasına heç nə ilə kömək edə bilməyib.
Ardıcıl dördüncü oyunda xal itirən “Kocaelispor” bu nəticədən sonra 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Cari mövsümdə 6-cı dəfə 1 xalla kifayətlənən futbolçumuzun komandası, 13 qələbəyə sevinib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 6 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.
Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da bu gün növbəti matçına çıxıb. İstanbul klubu evdə “Keçiörengücü” ilə 1:1 hesablı heç-heçə edib.
Həsənalızadə bu matçda iştirak etməyib. 31 yaşlı mərkəz müdafiəçisi sonadək ehtiyatda qalıb.
Millimizin daha bir müdafiəçisi Sərtan Taşkının formasını geyindiyi “Manisa” da 25-ci tur çərçivəsində səfərdə “Sakaryaspor”la qarşılaşıb. Futbolçumuzun komandası ikinci hissədə buraxdığı qollarla məğlub olub. Ötən tur qırmızı vərəqə almış Sərtan bu görüşün iştirakçısı olmayıb.
Bu nəticələrdən sonra “Manisa” 28 xalla 13-cü, “Tuzlaspor” 24 xalla 14-cü pillədə qərarlaşıb.


