Rumın tennisçi, dünyanın sabiq bir nömrəsi, “Böyük Dəbilqə” yarışlarının ikiqat qalibi Simona Halep diskvalifikasiya edilib.
Arena.az xəbər verir ki, Halep antidopinq qaydalarını pozduğuna görə 2026-cı ilin oktyabr ayına qədər cəza alıb.
2022-ci ilin sonlarında Simona ABŞ Açıq Turnirində yarışarkən roksadustat maddəsi üçün verdiyi test müsbət nəticələnib və tennisçinin bioloji pasportunda pozuntular aşkar edilib. 2022-ci ilin oktyabr ayından etibarən tennisçi Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən yarışlarda iştirakdan müvəqqəti olaraq uzaqlaşdırılmışdı. Tribunal bu müddətin cəza müddətinə daxil olduğunu təsdiqləyib.
Beləliklə, tennisçinin cəza müddəti 2026-cı il oktyabrın 6-da başa çatacaq. İlkin məlumatlara görə, dünyanın keçmiş bir nömrəsi bu diskvalifikasiya qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, əvvəllər Simona Halep heç vaxt dopinq haqqında düşünmədiyini bildirmişdi. O, hətta Mariya Şarapovanın meldoniumla bağlı əhvalatından sonra rus tennisçini tənqid də etmişdi.


