Simone İnzaqi “İnter”lə yeni müqavilə bağladı

İtaliya A Seriyasında mübarizə aparan “İnter” klubu əsas komandanın baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssisin yeni müqaviləsinin 2025-ci ilə qədər qüvvədə olacağı diqqətə çatdırılıb. Onun əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin 30 iyununda başa çatacaqdı.

Simone İnzaqi 2021-ci ilin iyun ayından “İnter”in baş məşqçisidir. O, indiyə qədər Milan təmsilçisini 112 oyuna çıxarıb. Milanlılar bu görüşlərdə 72 qələbə qazanıb, 18 heç-heçə edib, 22 məğlubiyyətə üzülüblər. “İnter” İnzaqinin rəhbərliyi altında iki dəfə İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb. Həmçinin bu komanda 2022/2023 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Onun rəhbərliyi altında “neradzurri” 2 dəfə İtaliya kubokunu və 2 dəfə də İtaliya Super Kubokunu qazanıb, həmçinin 2022/2023 mövsümündə Çempionlar Liqasının finalına yüksəlib. Həlledici oyunda “Mançester Siti”yə məğlub olan (0:1) komanda gümüş medallarla kifayətlənib.

İnzaqi əvvəllər “Latsio”da müxtəlif vəzifələrdə çalışıb. İnzaqi futbolçu kimi “Latsio” ilə İtaliya çempionu olub, 3 dəfə ölkə kubokunu və 1999-cu ildə UEFA Super Kubokunu qazanıb.

Simone İnzaqi ilə “İnter” ötən mövsümü 72 xalla A Seriyasının 3-cü pilləsində başa vurub.

Cari 2023/2024 mövsümündə “neradzurri” A Seriyasında 3 oyun keçirib, hər üç oyunda qalib gələrək 9 xal toplayıb və turnir cədvəlində liderlik edir. “İnter” rəqib qapılarından 8 qol keçirib, öz qapısını isə “quru” saxlayıb.

Yeri gəlmişkən, “İnter” “Ayaks”ın hücumameyilli yarımmüdafiəçisi Davi Klaasseni da heyətinə qatıb. Milan klubu 30 yaşlı futbolçunun transferi üçün təzminat ödəməyib. Azad agent statusuna malik yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Davi Klaassen məhz “Ayaks”ın yetirməsidir. Lakin o, bir müddət İngiltərədə “Everton”un, Almaniyada isə “Verder”in heyətində legioner həyatı yaşayıb. Yarımmüdafiəçi 2020-ci ildə yenidən “Ayaks”a qayıtmışdı. O, Amsterdam təmsilçisində bütövlükdə 321 oyuna çıxıb, 93 qol və 50 məhsuldar ötürmə müəllifi olub.

Klaassen Niderland yığma komandasında da 41 oyuna çıxıb. O, bu oyunlarda da 10 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: