“Sivasspor” ispaniyalı vingeri heyətinə qatdı

Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi İspaniyanın “Jirona” klubunun yarımmüdafiəçisi Samuel Saysı transfer edib.

Bu barədə “Sivasspor” klubunun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 32 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Samuel Says Madrid “Real”ının yetirməsidir. Sol cinah vingeri bu klubun müxtəlif komandalarında oynasa da, əsas komandaya düşə bilməyib. O, karyerası ərzində “Sevilya”, “Melilya”, “Xetafe”, “Almeriya”, “Atletiko” (Madrid), “Hueska”, “Lids” və “Xetafe” kimi klubların da formasını geyinib.

2019-cu ilin iyul ayında 2.5 milyon avro qarşılığında “Lids”dən “Jirona”ya keçən Says, bu komanda 119 oyuna çıxıb. O, bu görüşlərdə 12 qol və 17 məhsuldar ötürmə müəllifi olub.

Says karyerası ərzində 419 matça çıxıb, 73 qol sevinci yaşayıb, 43 qol ötürməsi verib. O, İspaniyanın U-19 yığmasında da 3 oyun keçirib.

Yeri gəlmişkən, “Jirona” digər yarımmüdafiəçisi Manuel Valyexonu da “Real Ovyedo” komandasına icarəyə verib. La Liqa təmsilçisi 25 yaşlı vingerin 2023-cü ilin 30 iyununa qədər icarədə oynayacağını açıqlayıb.

Manuel Valyexo “Kadis”in yetirməsidir. O, “Valensiya” və “Alaves”də də forma geyinib. “Jirona”ya 2022-ci ilin sentyabr ayında transfer olunmuş ispan yarımmüdafiəçi, bu komandada cəmi 8 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: