Slavko Tekiç Azərbaycan yığmasına böyük məşqçi təyin olundu

Almaniyalı mütəxəssis Slavko Tekiç Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasına yeni böyük məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni məşqçi 1 avqust 2023-cü ildən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq.

Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada işini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq Federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb.
2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb.

Fəaliyyəti dövründə hazırladığı idmançılar beynəlxalq turnirlərdə dəfələrlə medallar qazanıb. Onların sırasında Dominik Resseli, Maşa və Seyja Balhauz bacılarını, David Tekiçi və digərlərini qeyd etmək olar.

Tekiç beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir.

Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: