SOCAR və “Qalatasaray” 15 milyonluq əməkdaşlığa başladı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Qalatasaray” klubu arasında sponsorluq müqaviləsi imzalanıb.

Arena.az xəbər verir ki, imzalanma mərasimi “Ali Sami Yen” İdman Kompleksində baş tutub.

Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir. Anlaşmaya əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək. SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olacaq.

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov Türkiyə nəhəngi ilə birlikdə uzun bir yola çıxdıqlarını söyləyib: “Türkiyədə idmana verdiyimiz dəstəyə yeni bir halqa əlavə edirik. “Qalatasaray”dan UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qələbə ilə yoluna davam etməsini gözləyirik. “Qalatasaray”ın bütün sahələrdə uğurlar qazanacağına, kuboku da burada görəcəyimiz günlərin yaxın olduğuna inanırıq”.

“Qalatasaray”ın prezidenti Dursun Özbək SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda SOCAR-ın yanımızda olması bizim üçün çox dəyərlidir. Bu əməkdaşlığın təməli qardaş klubumuz “Qarabağ”la Bakıda keçirdiyimiz oyunda qoyuldu. Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda Azərbaycanın dünya brendinə çevrilmiş, çox önəmli enerji şirkətinin kluba dəstək olması çox dəyərlidir. Prosesi yaxından izlədikləri üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin ən böyük brendi “Qalatasaray” ilə SOCAR arasında bu əməkdaşlıq hər iki tərəfə böyük töhfə verəcək”.

“Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir”

Dursun Özbək bu layihənin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına inamını ifadə edib: “Hesab edirəm ki, bu mühüm əməkdaşlığın 2023-cü ildə, yəni mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində gerçəkləşməsi çox dəyərlidir. Proses qardaş klubumuz “Qarabağ”la Bakıda keçirdiyimiz yoldaşlıq görüşü ilə başladı. Yaşadığımız böyük zəlzələ fəlakətinin yaralarını sarmaq üçün dəstəklərini göstərdilər. Sağ olsunlar, var olsunlar. Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir. Qarşıdakı müddətdə Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək. “Qalatasaray” da bu məsələdə öz mövqeyini göstərmək üçün məhz “Qarabağ”ı qardaş klub seçib. Anlaşmamız “Qalatasaray”ımız və və türk idmanı üçün xeyirli olsun. Avropadakı uğurlarımızın da daimi olmasını arzulayıram”.

İstanbul nəhənginin rəhbəri Türkiyə Super Kuboku uğrunda əzəli rəqibləri “Fənərbaxça”ya qarşı keçirəcəkləri oyunun Bakıda keçirilməsini arzuladıqlarını da söyləyib:

“Türkiyə Super Kubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Super Kuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək. Amma biz də oyunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.

Xatırladaq ki, Türkiyə Super Kubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.

İmzalanma mərasimində iştirak edən “Qalatasaray”ın futbolçuları Kərəm Aktürkoğlu, Yunus Akgün Lukas Toreyra dəstəyə görə SOCAR-a təşəkkürlərini bildiriblər. Sonda Dursun Özbək Elçin İbadova “Qalatasaray”ın formasını hədiyyə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: