Şose velosipedi: Azərbaycan kubokunun növbəti qalibləri bəlli oldu

Aprelin 8-9-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan kubokunun üçüncü mərhələsi keçirilib. Arena.az xəbər verir ki, AVF-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi birgə təşkil etdiyi yarış Xızı rayonunda baş tutub.

Bakı – Giləzi – Xızı – Altıağac yolunda keçirilən yarışın hər iki günündə idmançılar qrup ötüşməsində mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar ilk yarış günü 80 km, ikinci yarış günü 100 km məsafə qət ediblər. Yeniyetmə oğlanlar və qadınlar isə birinci yarış günü 40 km, ikinci yarış günündə 30 km məsafədə yarışıblar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 45 velosipedçi iştirak edib.

Aprelin 8-də baş tutan mübarizədə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Kamran Mirzəxanov (Sərhədçi, 01:59:50) qalib olub. Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 01:09:06) hamını üstələyib. Qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 01:09:49) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb.

Aprelin 9-da keçirilən yarışda isə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Şahin Eyvazov (ROEQİUGVM, 02:48:11) hamıdan sürətli olub. Yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 01:04:00) qalib olub. Qadınlar arasında isə yenidən Viktoriya Sidorenko (ROEQİUGVM, 01:13:12) hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazanıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xatırladaq ki, şose velosipedi üzrə Azərbaycan kubokunun ilk mərhələsi Gəncədə, ikinci mərhələsi isə Bakıda keçirilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: