İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti komandanın sükanı arxasında debüt oyunundan sonra fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, “skuadra adzurra” AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Şimali Makedoniya yığmasının müqavimətini qıra bilməyib – 1:1.
“Football Italia” Spallettinin oyun haqda fikirlərinə dair sitat gətirir:
“Meydanda xaos yaşananda bizim üçün asan olmadı. Həm də müdafiədə o qədər də etibarlı fəaliyyət göstərmirdik, ona görə də onların yarımmüdafiəçiləri top çalımlarında tez-tez birinci olurdular.
Komandam layiqli oyun nümayiş etdirdi, bundan sonra tərəqqi etmək olar və gərəkdir. Rəqibə öz düşündüklərini gerçəkləşdirməyə imkan vermədik. Bizə bugünkü oyunu yenidən nəzərdən keçirmək və səhvlər üzərində işləmək gərəkdir. Bu, məşqçlərdən daha dəyərli olacaq.
Biz daha da keyfiyyətli futbol oynaya bilərdik, amma belə örtükdə keyfiyyətli ötürmə vermək mümkün deyil”, deyə Luçano Spalletti meydan amilini də qabardıb.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyundan sonra “skuadra adzurra” 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb və 4 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb, top fərqi isə 4:3 (+1)-dir.
Makedoniya yığması isə 4 oyunda 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət yaşayıb və 4 xalla 4-cü pillədə qərarlaşıb, top fərqi 5:12 (-7)-dir.
Qrupa 5 oyundan 13 xal toplamış İngiltərə liderlik edir. 4 oyundan 7 xal toplamış Ukrayna 2-ci sırada qərarlaşıb. Qrupun autsayderi isə keçirdiyi 4 oyunun hamısında məğlub olmuş Malta kollektividir.