İtaliya A Seriyasında mübarizə aparan “Spetsiya” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi Salvatore Espozito və Şimon Jurkovskini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Espozito SPAL-dan, Jurkovski isə “Fiorentina”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Hər iki futbolçu satınalma şərti ilə icarəyə verilib.
Şimon Jurkovski 2019-cu ilin yanvarında 4.5 milyon avro qarşılığında Polşanın “Qurnik” klubundan “Fiorentina”ya transfer olunub. Lakin 25 yaşlı yarımmüdafiəçi Florensiya klubunun əsas komandasında cəmi 6 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Jurkovski daha öncə “Empoli” və “Qurnik”ə də icarəyə verilib. O, Polşa yığmasında 7 oyun keçirib.
Salvatore Espozito isə peşəkar karyerasına məhz SPAL-da başlayıb. İtaliyalı yarımmüdafiəçi bu komandada 89 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. Espozito daha öncə “Ravenna” və “Kyevo” kimi klublarda da icarədə olub. 22 yaşlı futbolçu İtaliyanın əsas millisində də bir oyun keçirib.
“Spetsiya” öz yarımmüdafiəçisi Aymar Şeri isə Niderlandın “Qroningen” klubuna icarəyə verib. Əslən İraqdan olan, İsveçin U-17, U-18 və U-21 yığmalarında oynamış gənc futbolçu bu mövsümün sonunadək Niderlandda forma geyinəcək. İsveçin “Hammarbü” və “Frey” klublarında oynamış 20 yaşlı futbolçu, İtaliya təmsilçisində cəmi 3 matça çıxıb.


