Şteffen Baumqart “Köln”dən qovuldu

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Köln” klubu baş məşqçi Şteffen Baumqart ilə müqaviləyə xitam verib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2025-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilənin ləğv olunduğu diqqətə çatdırılıb. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

“Köln” hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb.

Xatırladaq ki, Şteffen Baumqart 2021-ci ilin may ayından “Köln”ə rəhbərlik edirdi. Sözügedən kollektiv Almaniyadan olan 51 yaşlı mütəxəssisin rəhbərliyi altında bütövlükdə 98 oyuna çıxıb. Bu görüşlərdə 32 qələbə qazanmış komanda, 28 heç-heçə edib və 38 məğlubiyyətə üzülüb.

Baumqart daha öncə “Paderborn”, “Berliner” və “Maqdeburq” kimi komandalara da rəhbərlik edib.

Yeri gəlmişkən, “Köln” klubu UEFA tərəfindən transfer qadağası ilə üzləşib. Almaniya klubu iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə və qeydiyyatdan keçirə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 2024-cü ilin qış və yay transfer dönəmləri bu klub üçün bağlı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: