“Sumqayıt” tarixinin yeni rekorduna imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” FK tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Komanda bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la ev oyununda qazandığı qələbə sayəsində çatıb. Belə ki, cari mövsümdə xallarının sayını 42-yə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb.

Xatırladaq ki, “Sumqayıt” FK bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.

Bu mövsüm qarşıda hələ daha 8 tur qaldığını nəzərə alsaq, sumqayıtlıların daha çox xal toplayacağını ehtimal etmək çətin deyil.

Sumqayıtın eyniadlı təmsilçisi cari mövsümdə topladığı 42 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. “Zirə” də eyni xalı toplamasına rəğmən, daha yaxşı göstəricilərə görə 3-cü sıradadır.