Yanvarın 3-dən etibarən 2023/2024 mövsümünün qalan hissəsinin hazırlığına start verən “Sumqayıt” komandası bu gün Türkiyəyə yollanıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Antalya şəhərinin Lara bölgəsində hazırlıq keçəcək. Komanda yanvarın 17-nə qədər davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama oyununda gücünü sınayacaq. Samir Abasovun çalışdırdığı kollektiv yanvarın 12-də Rumıniyanın “Hermanştadt” komandası ilə üz-üzə gələcək. Yanvarın 16-da isə Premyer Liqa klubunu Özbəkistanın “Soqdiana” kollektivi ilə qarşılaşma gözləyir.
Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasında ilk iki dövrədən sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Samir Abasovun çalışdırdığı kollektiv Azərbaycan Kubokunda da 1/4 finala yüksəlib və yarımfinala vəsiqə uğrunda “Neftçi” ilə mübarizə aparacaq.


